Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.12.2017

Binə qəsəbəsində "Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Binə qəsəbəsindəki 117 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri Anar Nəsirov, Vəli Vəliyulla, Binə bələdiyyəsinin sədr müavini Firdovsi Əliyev, RİH başçısının qəsəbə üzrə nümayəndəsinin birinci müavini Ərəstun Mahmudov, məktəbin direktoru Elvin Səlimov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru E.Səlimov mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında İslam həmrəyliyinin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışı Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamıdır. Natiq onu da bildirib ki, Azərbaycan tarixən digər xalqların pənah gətirdiyi, yaşadığı ölkələrdəndir, bunu ölkəmizdə yaşayan və Azərbaycanı öz doğma Vətəni hesab edən hər bir azsaylı xalqın, dinin nümayəndəsi də təsdiq edir. Şöbə müdrinin sözlərinə görə, ölkəmizdə nə tarixən, nə də müasir dövrümüzdə millətlərarası, dinlərarası və məzhəblərarası qarşıdurma baş verməyib.
Yaxın Şərq regionunda baş verən münaqişlərə də toxunan Ə.Zülfüqarov vurğulayıb ki, müsəlman əhalisinin illik orta artım tempinin müsəlman olmayan ölkələrlə nisbətdə çox olması bəzi dairələri narahat edir. Qeyd edib ki, həmin dairələr İslamı radikal, ekstremist din kimi təqdim edirlər, əslində isə İslam sülh və həmrəylik dinirdir, eləcə də Qurani-Kərim  insanları vəhdətə səsləyir. Radikal dini təsirlərə düşən gənclərlə bağlı məsələyə də toxunan DQİDK-nın şöbə müdiri qeyd edib ki, həmin şəxslər cəmiyyətdə dini dözümsüzlük və ayrı-seçkilik hallarına yol verirlər.
Məktəbliləri daha diqqətli olmağa çağıran Ə.Zülfüqarov onu da vurğulayıb ki, gənclər zərərli ideyalardan qorunmaları üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməlidirlər.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.