10.03.2017
Binə qəsəbəsində dini radikalizm problemi müzakirə edilib
Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Binə qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Həsən Rüstəmov, məscid dindarları, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Həsən Rüstəmov multikultural və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından, dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından, dini radikal qrupların Yaxın Şərqdə, ümumiyyətlə müsəlman ölkələrində törətdiyi vəhşiliklərdən söhbət açıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov dindarların maarifləndirilməsi işinin əhəmiyyətindən danışıb. Bildirib ki, radikal dini düşüncəyə qarşı mübarizədə əsas silahımız milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, onu dərindən öyrənmək və gənc nəsli milli ruhda tərbiyə etməkdir.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.