21.04.2018
Biləsuvarda “Şəhadət”sənədli filmi nümayiş olunub
Aprelin 20-də Biləsuvar rayonu M.İbrahimov adına Məktəb-Lisey kompleksində Biləsuvar Rayonu İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin məsləhətçisi Taleh Nuruyev, müəllimlər, şagirdlər, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev bildirib ki, son bir neçə ildə Dövlət Komitəsi tərəfindən dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir. Ekran işində bir tərəfdən Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı, qəhrəmanlığın gətirdiyi fəxarət hissi təbliğ olunur, digər tərəfdən isə radikalizmin cəmiyyət, dövlət, ailə üçün hansı faciələrə səbəb olduğu real faktlarla tamaşaçılara təqdim edilir. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması, vətənpərvərliyin təbliği və təşviqi məqsədilə hazırlanan "Şəhadət" də vətənə sevgi ilə yanaşı, eyni zamanda, dini ekstremizm bataqlığının faciələrinə diqqət çəkilir.
Daha sonra “Şəhadət” filmi nümayiş olunub.
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.