Biləsuvarda “Narkomaniya və onun yaratdığı fəsadlar” mövzusunda tədbir keçirilib
İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH), Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və onun yaratdığı fəsadlar" mövzusunda onlayn konfrans keçirilib. Konfransda rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, RİH-in məsul əməkdaşı Məhərrəm Qurbanov, Biləsuvar RPŞ-nin əməkdaşı Cabir Bəşirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev bildirib ki, narkomaniyanın qarşısının alınması böyük çətinliklər, külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amildir.
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşayır. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib.
Çıxış edən digər natiqlər mövzu ətrafında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
