Şriftin ölçüsü:

Saytın rəngi:

11.06.2015

Biləsuvarda din xadimləri və dini icma sədrləri ilə görüş keçirilib

İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Biləsuvar şəhər İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Biləsuvarda şəhərin din xadimləri və dini icma sədrləri ilə “Dövlət–din münasibətlərinin yaxşılaşdırılması və radikal dini cərəyanlara qarşı birgə mübarizə” mövzusunda  görüş keçirilib.
Tədbirdə RİH başçısının I müavini Xanlar Məmmədov, DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Aydın Alıyev, Biləsuvar şəhər “Cümə” məscidinin axundu, QMİ-nin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, şəhər ağsaqqallarından Hacı Miralim  iştirak ediblər. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin din sahəsində gördüyü işlərdən, bu işlərin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini dinə olan diqqət və qayğının təzahürü kimi xarakterizə ediblər. O cümlədən, Biləsuvar  şəhərində də dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğu, bu münasibətlərin daha da yaxşılaşdırılması üçün lazımı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat verilib. Tədbir iştirakçıları gənclər arasında dini maarifləndirmə işinin daha yüksək səviyyəyə çatdırılmasının , dini radikalizmə qarşı mübarizənin qanun çərçivəsində genişləndirilməsinin zəruriliyini vurğulayıblar. Rayonun din xadimləri  gənclərin dini maarifləndirilməsində daha fəal iştirak edəcəklərini, dövlət-din münasibətlərinin yaxşılaşdırılmasında, qeyri- ənənəvi dinlərə qarşı mübarizədə dövlətimizə yaxından kömək edəcəklərini bildiriblər.