31.03.2016
Biləsuvar rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Biləsuvar rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Salahlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, din xadimləri, ağsaqqallar və icra nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.Bildirib ki, respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli- mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.Ümummili Lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə əqidə azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Azərbaycanda dövlət və din münasibətləri və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. Səyyad Salahlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin, dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırıb.O bildirib ki, ölkəmiz zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malikdir. Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələri sülh, qardaşlıq şəraitində yaşayırlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.