25.12.2017
Bibiheybət dünyanın ən gözəl məscidlərinin sırasında
ABŞ-ın məşhur memarlıq jurnalı "The Architectural Digest" dünyanın ən gözəl məscidlərinin siyahısını hazırlayıb.
Siyahıda Bakıdakı Bibiheybət məscidi də yer alıb. Jurnal dünyanın ən gözəl memarlıq nümunələrindən olan məscidlər haqqında məqaləsini "Məscidlər: İslamın gözəlliyi" kitabının əsasında hazırlayıb.
Azərbaycanlı dizayner Leyla Uluxanlının müəllifi olduğu kitabda dünyanın ən gözəl 53 məscidindən bəhs edilir.
Məqalədə ecazkar məscidlər arasında Parisin Böyük Məscidi (Fransa), Şeyx Lütfullah Məscidi (İsfahan, İran), Qaraviyyin Məscidi (Fəs, Mərakeş), Qroznının ürəyi ( Əhməd Kadırov məscidi) (Çeçenistan), Şeyx Zayed məscidi kompleksinin (Abu Dabi, BƏƏ) adı çəkilir.
Bibiheybət məscidi ziyarətgah məqsədi ilə Şirvanşahlar dövründə inşa edilmişdir. Məscidin portalındakı kitabədə onun 1281/82-ci illərdə II Fərruxzadın əmrilə memar Mahmud ibn Səid tərəfindən tikildiyi yazılır. Təəssüf ki, bu müqəddəs məkan sovet repressiyasının qurbanı olmuşdur. Ziyarətgah 1934-cü ildə iki dəfə tamamilə dağıdılmış, müstəqilliyimizin bərpasından sonra isə dövlətimiz barbarlığa məruz qalan, tariximizi özündə yaşadan abidələrin yenidən bərpasına başlamışdır. Azərbaycan tarixində böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin sayəsində Bibiheybət ziyarətgahı yenidən həyat qazanmışdır. 1997-ci ildə məscidin bərpa və tikintisinə başlanılmışdır. Bir il sonra, iyul ayının 12-də, Həzrət Peyğəmbərin (s) mövludu günündə Ümummili Liderimiz məscidin açılış mərasimində iştirak etmişdir.2008-ci ildə isə ziyarətgah bütöv bir kompleks kimi istifadəyə verilmişdir. Kompleksin təntənəli açılışında Prezident İlham Əliyev iştirak etmişdir.
Məsciddə eyni vaxtda təxminən 3 min nəfərin namaz qılması mümkündür. Birinci və ikinci mərtəbələrdə, mərkəzi salonda, foyenin tavanında, zirzəminin divarlarında incə memarlıq ornamentləri əks olunmuşdur. Məscidin günbəzi də mükəmməl işlənmiş, müxtəlif guşələrində Qurani-Kərim ayələri yazılmışdır. Burada ilk dəfə olaraq zəvvarların ixtiyarına muzey də verilmişdir. Kompleksdə çoxlu əlavə otaqlar tikilmiş, yeməkxana yaradılmışdır. Bibiheybət ziyarətgahının minarələrindən biri Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyır.