16.11.2015
Beynəlxalq Tolerantlıq Gününə həsr edilən “Tolerantlıq: milli kimliklə vəhdət” mövzusunda dəyirmi masa-konfrans keçirilib
Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr edilən “Tolerantlıq: milli kimliklə vəhdət” mövzusunda dəyirmi masa-konfrans keçirilib. Konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə, respublikada fəaliyyət göstərən dini konfessiya və dini icmaların rəhbərləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tolerantlığın möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Azərbaycan tolerantlıq sahəsində dünyada ən qabaqcıl ölkələrdən sayılır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı Azərbaycanda mövcud olan tolerantlıq ənənələrindən söhbət açaraq bu ənənələrin Vətənimizdə dərin köklərə malik olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında tolerantlığın ölkəmiz üçün yeni anlayış olmadığını söyləyib. O, deyib ki, Azərbaycan xalqı əsrlərdən bəri bu xüsusiyyətini nümayiş etdirir. Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların dinc, yanaşı yaşamasının nadir nümunəsidir.
Beynəlxalq Tolerantlıq Günü münasibətilə konfrans iştirakçılarını təbrik edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanda dövlətin multikulturalizm siyasəti nəticəsində illərdir bütün konfessiyaların nümayəndələrinin sülh və qardaşlıq şəraitində yaşadıqlarını bildirib.
Daha sonra Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə, Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov tolerantlıq ənənələri ilə bağlı fikirlərini bildiriblər.
Konfrans ölkəmizdə hökm sürən tolerantlıq mühiti ilə bağlı dini konfessiya nümayəndələrinin və ekspertlərin hazırladıqları təqdimatlarla davam edib.
Tədbirin sonunda dövlət qeydiyyatından keçmiş 6 İslam, 3 qeyri-islam dini icmasına şəhadətnamələr təqdim olunub.
DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Beynəlxalq Tolerantlıq Günündə həm İslam, həm də qeyri-islam dini icmalara qeydiyyat şəhadətnamələrinin təqdim olunması təsadüfi deyildir. Bu, həm ölkəmizdəki tolerantlığın, həm də hansı dini konfessiyaya mənsub olmasından asılı olmayaraq bütün dini icmalara bərabər münasibət göstərildiyinin bariz nümunəsidir.