Beyləqanda “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib
Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan şəhər 3 saylı M. Mehdizadə adına tam orta məktəbdə “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgə üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan Rayon İcra Hakimiyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tofiq Məmmədov, Beyləqan şəhər 3 saylı M. Mehdizadə adına tam orta məktəbin direktoru Hikmət Allahverdiyev, həmin məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 3 saylı tam orta məktəbin direktoru Hikmət Allahverdiyev gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud olan tolerant mühitin qorunması və təbliğinin dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
DQİDK-nın İmişli bölgə üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu dini radikalizmin yaranma səbəbləri, törətdiyi fəsadlar, radikal dini qrupların təbliğat metodları, eləcə də, dini fanatizm, mövhumat və xurafatın zərərləri haqqında danışıb. Natiq milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Beyləqan Rayon İcra Hakimiyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi baş məsləhətçisi Tofiq Məmmədov gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

