Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.05.2019

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mövzusunda növbəti sessiya keçirilib

Mayın 3-də Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda növbəti sessiya keçirilib.

Sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil edilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbirə moderatorluq edib. O, Azərbaycandakı multikultural mühit barədə məlumat verib.

Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri mövcuddur. Əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda tarixən mövcud olan bu ənənələrin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanda yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, xalqımızın bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır. M.Qurbanlı tədbir iştirakçılarını Azərbaycanın multikulturalizm ənənələri barədə məlumatlandırıb, ölkəmizdə mövcud olan müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasətindən danışıb. 

Mübariz Qurbanlı, eyni zamanda vurğulayıb ki, son iki əsrdə Ermənistan Azərbaycana qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti yürüdür. Bu siyasətin nəticəsi olaraq Azərbaycanın iyirmi faiz torpaqlarını işğal edib. Ermənistan monoetnik dövlətə çevilib. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan tarixin bütün dönəmlərində öz multikultural dəyərlərinə sadiq qalıb. Təsadüfi deyildir ki, Azərbaycanda 80-dən çox etnosun nümayəndələri azərbaycanlılarla yanaşı yaşayır, həmçinin erməni mənşəli vətəndaşlarımız da var. Bütün bunlar, multikulturalizmin ən bariz nümunəsidir. 

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Kolumbiya ştatının Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot və başqaları çıxış edərək ölkəmizdəki multikulturalizm mühitinin bütün dünyaya nümunə olduğunu bildiriblər. Qeyd edilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Bu, olduqca təqdirəlayiq haldır.

Tədbir müzakirələrlə davam edib.