“Bəşəriyyətin Nizami dühasından bəhrələnməyə böyük ehtiyacı var” adlı videokonfrans keçirilib
Aprelin 30-da Zərdab rayonu Heydər Əliyev Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab şəhər 1 saylı məktəb-liseyi və Bıçaqçı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Bəşəriyyətin Nizami dühasından bəhrələnməyə böyük ehtiyacı var” adlı videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin müdiri Könül Rəhimova, DQİDK Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab şəhər 1 saylı məktəb-lisey və Bıçaqçı kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Görkəmli sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Dahi şairin dünyanın ən məşhur kitabxana və muzeylərini bəzəyən əsərləri dünya ədəbiyyatı tarixində silinməz izlər qoyub. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna və əhəmiyyətli rola malikdir.
Həmçinin videokonfransda hər iki məktəbin şagirdləri tərəfindən Nizami Gəncəvinin əsərlərindən hazırlanan şeir və kompozisiyalar səsləndirilib.


