22.11.2017
“Bəşəriyyətimizin gələcəyi olan uşaqlar və onların hüquqları” mövzusunda tədbir təşkil edilib
Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki (hafizlik) İslam Kollecinin birgə təşkilatçılığı ilə “Bəşəriyyətimizin gələcəyi olan uşaqlar və onların hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və şöbənin əməkdaşları, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov, Müşfiq Xəlilov, kollecin müəllimləri və tələbələri iştirak ediblər.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxışında bildirib ki, bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Şöbə müdiri, həmçinin qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Son illər uşaqların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılıb, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılıb.
Şəki şəhər Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov tədbirdə çıxış edərək yeniyetmə və gənclərin dini radikalizmdən qorunmasının vacibliyi, həmçinin, erkən nikah və onun fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.