“Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib
Oktyabrın 19-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib.
Tədbirdə institutun müəllim-tələbə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov institutun yaradılma məqsədi, hədəfləri barədə məlumat verib. Rektor institutda maarifləndirmə işinə xüsusi əhəmiyyət verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, dəyirmi masaların təşkil edildiyini söyləyib. C.Məmmədov bildirib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir. Azərbaycanda ali məktəblərdə güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan C.Məmmədov, dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb, elm və təhsilin inkişafında Ümummilli Lider Heydər Əliyevin apardığı dövlət siyasətindən danışıb.
Sonra Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə elm və təhsildə düşüncə tərzi, tərəqqinin mexanizmi, insan inkişafının indeksi, keyfiyyət amili, təhsilin aktuallığı məsələlərinə toxunulub. Ş.Əsgərov elm ocaqlarının cəmiyyətin və xalqın həyatındakı həlledici rolunu vurğulayaraq, təhsilin əsas məqsədlərindən birinin gənclərə doğru qərar qəbul etməyi öyrətmək olduğunu deyib.
Məruzədə elmin islami nöqteyi-nəzərdən tərifi verilib, həmçinin pedaqoji sahədə qiymət mexanizminin mahiyyətindən danışılıb, “başa düşmək”lə “mənimsəmək” ifadələrinin fərqi izah olunub. Elm və təhsilin inkişaf etmiş ölkələrdə, ikinci və ya üçüncü dünya dövlətlərində fərqli təzahürlərinə diqqət cəlb edən professor tərəqqinin fəlsəfəsindən danışıb, texnologiyanın önəmini qeyd edib. Bildirilib ki, texnologiyanın inkişaf sürəti və ya tərəqqi elmdən asılıdır. Elmi inkişaf etdirən subyekt alimlərdir.
Məruzədə, həmçinin təhsilimizin hazırkı səviyyəsindən danışılıb. Qeyd olunub ki, son illər təhsilimizdə danılmaz uğurlar var və təhsil sistemi yeni və müasir məktəb şəbəkələri ilə əhatə olunub. Bu gün təhsil ocaqlarının 1990-cı və ya 2000-ci illərlə müqayisədə əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirən məruzəçi məktəblərin informativ və kommunikativ texnologiya ilə təmin edildiyini qeyd edib. Vurğulanıb ki, bu uğurda Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı böyükdür.


