Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.05.2021

Bərdədə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə olunub

Mayın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Bərdə rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Quliyev, Fərid Vaqifli, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, idarə və təşkilatların əməkdaşları, həmçinin fəal gənclər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Quliyev bildirib ki, cəmiyyət üçün hər zaman narahatlıq doğuran hallardan biri dindən siyasi məqsədlər üçün istifadə olunması, insanları xurafata, fanatizmə, din pərdəsi adı altında radikal və ekstremist meyillərə sürüklənməsi halıdır. Rauf Quliyev dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin mühüm rolu olduğunu qeyd edərək, insanların məhz təhsil almaqla islam dinin əsl mahiyyətini anlamış və cəmiyyətin bəlası olan dini radikalizmdən özlərini qorumuş olacaqlarını vurğulayıb.

Daha sonra çıxış edən Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov ölkəmizin dünyəvi və demokratik bir dövlət olduğunu, xalqımızın hərzaman özünün milli-mənəvi dəyərlərini yaşatmağa çalışdığını qeyd edib. Bu gün ölkəmizin multikultural dəyərlərə böyük hörmətlə yanaşdığını və heç bir dinin nümayəndəsinin başqaları ilə problemi olmadığını vurğulayan Aydın Qasımov, bəzi xarici qüvvələrin dindən istifadə edərək ayrı-seçkilik yaratdığını, gənc nəslində bu kimi işlərə cəlb olunmasının cəmiyyətimizi narahat etdiyini bildirib. Aydın Qasımov cəmiyyətimizi narahat edən bu mənfi tendensiyadan yalnız təhsilin güclü inkişafı və gənclərin yüksək səviyyədə təhsilə yiyələnməsi yolu ilə qorunmalı olduğumuzu gənclərin diqqətinə çatdırıb.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Fidan Nəsirli, Yevlax şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Rövşən Musayev İslam dinin sülh və dostluq dini olduğunu, gənclərin dini radikalizm və ekstremizm kimi bəlalardan qorunmasında təhsilin rolundan danışaraq bildirmişlər ki, bu kimi maarifləndirici tədbirlərin məktəblərdə və gənclər arasında mütəmadi təşkili müsbət nəticələrə gətirib çıxarır.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.