Bərdədə "Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib
Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Bərdə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bərdə rayon T.Qurbanov adına Xan Qaraqoyunlu kənd orta məktəbində “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərdar Məmmədov, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, orta məktəbin direktoru Nizami İsayev, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sərdar Məmmədov maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək, bildirib ki, radikalizm bəlasından uzaq qalmağın yollarından biri gənclərin təhsilli, intellektual və dünyagörüşlü olmasıdır. Sərdar Məmmədov DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi barədə ətraflı məlumat verərək, dini radikalizmdən əziyyət çəkən ailələrin acı taleyindən, Vətən uğrunda canından keçmiş şəhidlərimizin məqamından bəhs edib.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli radikalizm və ekstremizmlə mübarizədə maarifləndirmənin təsirli metodlardan biri olduğunu bildirib. Radikalizmlə mübarizədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Daha sonra çıxış edən RİH-in nümayəndəsi Asif Abbasov gənclərin dini radikalizm bəlasından kənar qalması üçün, valideynlərin üzərinə böyük məsuliyyətin düşdüyünü, xüsusilə gənclərin milli ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıb. Orta məktəbin direktoru Nizami İsayev isə Azərbaycanda etiqad azadlığının tam təmin olunduğunu bildirib.
Tədbirin sonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.