13.12.2016
Bərdədə “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən dekabrın 13-də “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, dindarlar, dini icmaların nümayəndələri, təhsil və mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak ediblər.
Konfransda çıxış edən Komitənin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib. O, eləcə də, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısını almaq üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, dini ekstremizmə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov mövzu barədə çıxış ediblər.
Çıxış edən natiqlər dini radikalizmin zərərlərindən, xüsusən də gənc nəslin bu cür təsirlərdən qorunmasının vacibliyindən, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılmasından, ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından bəhs ediblər. Ölkədə hər kəsin dini etiqad azadlığının təmin olunması və dövlətin bu sahədə yürütdüyü uğurlu siyasətin əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




