Noyabr ayının 19-da Bərdədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qarabağ bölgəsinə daxil olan rayonlarda (Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli) fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də ilahiyyatçılar və fəal dindarlar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Bölgə qazısı Ramazan Hüseynov iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Konfransda açılış nitqi ilə çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qeyd edib ki, Azərbaycan xalqı öz milli-mənəvi, dini dəyərlərini əsrlər boyu qoruyub saxlayıb. Xüsusilə dövlət müstəqilliyimizi bərpa etdsikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən milli-mənəvi dəyərlərimizə, o cümlədən dini dəyərlərimizə qayıdış baş verib: "Bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınır. Dinlararası münasibətlərin tənzimlənməsi, eyni zamanda dini dözümlülüyün yüksək səviyyədə mövcudluğu dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün biz iftixar hisssi ilə deyə bilərik ki, Azərbaycan dünyada tolerantlıq modelidir. İstər məzhəblərarası, istər dinlərarası məsələlərdə dini dözümlülük nümunəsdir. Dünyanın heç bir yerində Azərbaycan qədər dini dözümlülük yoxdur".
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışı edərək bildirib ki, Azərbaycan hüquqi dövlətdir və İslam dini bizim milli ideologiyamızın tərkib hissələrindən biridir: Azərbaycan dövlətinin dinə qayğısı hər kəsə məlumdur. Azərbaycanda İslam dəyərlərinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər zamanında ölkəmizdə 18 məscid vardı. Bu gün artıq respublikamızda iki mindən çox məscid var. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu mükəmməl siyasi xətt cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir".
Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Bölgə qazısı Ramazan Hüseynov çıxış edərək konfransın keçirilməsi fikrini yüksək qiymətləndirib və qeyd edib ki, son aylarda bu cür regional konfransların keçirilməsi bölgələrdə dini maarifçilik baxımından çox mühümdür.
Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Açılış mərasimindən sonra panellər üzrə davam edən konfransda bir neçə maraqlı məruzə dinlənilib. DQİDK-nın Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədovun moderator olduğu "Tarixilik və müasirlik baxımından milli-mənəvi dəyərlərimiz" adlı birinci plenar iclasda BDU-nun Tarix fakültəsinin müəllimi Saleh Kazımov “Milli dövlətçiliyimizin möhkəmlənməsində din xadimlərimizin rolu” (Tarixi faktlar əsasında), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin məsləhətçisi Cahandar Əlifzadə “Milli adət-ənənələrimiz və müasir çağırışlar” mövzularında məruzələrlə çıxış ediblər.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubovun moderatorluq etdiyi "Dini müxtəliflik: birgə yaşayışın harmonik vəhdəti kimi" adlı ikinci plenar iclasda Bakı İslam Universitetinin müəllimi fəlsəfə doktoru Aslan Həbibov “Vəhdət naminə məzhəblərarası dialoq”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümbətov “Azərbaycanın tolerantlıq modeli” adlı məruzələrlə çıxış ediblər.
"Dini radikalizm və onun təhlükəli təzahürləri ilə mübarizə" adlı sonuncu plenar iclas–Bakı İslam Universitetinin müəllimi Aslan Həbibovun moderatorluğu ilə keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Bölgə qazısı Ramazan Hüseynov “Qarabağ bölgəsində ənənəvi İslam”mövzularında məruzələrlə çıxış ediblər.
Mövzular ətrafında geniş müzakirələr aparılıb və məruzələr konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
Konfrans müxtəlif mövzular üzrə panellərlə sabah öz işini davam etdirəcək.