Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.09.2016

Bərdə rayonunda yerləşən N saylı hərbi hissədə “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizə yolları”  mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, hərbi hissənin zabit və gizir heyəti, eyni zamanda əsgərlər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib. O, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Multikulturalizm ili” çərçivəsində görülən işlərdən danışıb.
Sədr müavini qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından da geniş bəhs edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Gündüz İsmayılov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlər barədə iştirakçılara geniş məruzə edib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında aprel döyüşlərinə toxunaraq Azərbaycan əsgərinin fonunda Azərbaycan gəncinin mərdliyindən və qəhrəmanlığından bəhs edib. O, ölkəmizin bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.