04.12.2015
Bərdə rayonunda “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində dekabrın 4-də Uğurbəyli kəndində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Bərdə rayonu Uğurbəyli kənd məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı Zöhrab Zöhrabbəyov, Bərdə rayonu Gənclər və İdman İdarəsinin əməkdaşı Anar Şahbazov, dini icmanın sədri Səbuhi Hacıyev, QMİ-nin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi, Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov dini radikalizmin mahiyyəti və milli-mənəvi dəyərlərimizə zərərlərindən danışıb. Dini radikalizm ilə mübarizədə dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələrdən bəhs edən Fuad Şirinov düzgün dini maarifləndirmənin bu məsələdəki əvəzsiz rolundan söz açıb.
Daha sonra çıxış edən Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev isə layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Çıxış edən digər natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.
