Balakəndə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir” mövzusu müzakirə edilib
Fevralın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Balakən şəhəri Nizami adına 1 saylı tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnar Süleymanova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri, xalqımızın milli-mənəvi və dini dəyərlərinə həmişə böyük önəm verməsi, bu dəyərləri göz bəbəyi kimi qoruyub saxlaması, nəsil-nəsil davam etdirməsi haqqında danışılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizə xüsusi və dərin şəkildə diqqət yetirib, onların qorunması və yaşadılması üçün möhkəm özəl yaradıb. Eyni zamanda qeyd edilib ki, müasir dövrümüzdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahə üzrə əldə edilmiş böyük uğurlarla yanaşı milli-mənəvi və dini dəyərlərin, adət-ənənələrin, tarixiliyin qorunmasının və yaşadılmasının gənclər arasında təbliğ edilməsi geniş vüsat alıb. Dini radikal və qeyri-ənənəvi cərəyan mənsublarının çağırışları, din pərdəsi altında zərərli ideologiyaları, xurafatı, cəhaləti təbliğ etməyə cəhd göstərən dini qruplar haqqında məlumat verilib və onlara qarşı mübarizə yolları haqqında danışılıb. Dini radikalizmə qarşı cəmiyyət olaraq hər bir vətəndaşın fəal olmasının və qətiyyətli mövqenin göstərilməsinin vacibliyi vurğulanıb.
Çıxışlardan sonra MDTF-nin sifarişi ilə çəkilmiş “Dəyərlərimizin keşiyində -İlham Əliyev və mənəvi dəyərlər” adlı sənədli filmi nümayiş edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çap edilmiş 30 nüsxə maarifləndirici ədəbiyyat paylanıb.


