26.10.2016
Balakəndə “Milli-mənəvi dəyərlərimizin formalaşmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib
Oktyabrın 25-də Balakən rayonunda İtitala kənd dini icması tərəfindən həyata keçirilən “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti” layihəsinin təqdimatı və sözügedən layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimizin formalaşmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları və İtitala kənd məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Layihənin rəhbəri Hacıməhəmməd Əliyev çıxışı zamanı bildirib ki, xalqımızın milli və dini dəyərləri bir-birilə sıx birləşərək mənəvi sərvətimizi formalaşdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev məruzəsində vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması gənclərin ən mühüm vəzifələrindən biridir və onların milli vətənpərvərlik ruhunda tərbiyə olunması vacibdir.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov gənclərə milli dəyərlərimizin təhrif olunması və ona qarşı mübarizədə təhsil amilinin əhəmiyyəti haqqında geniş məlumat verib. Eyni zamanda onu da vurğulayıb ki, hər bir gənc öz vətəndaşlıq mövqeyinə yiyələnməlidir. Vətəndaşlıq mövqeyi isə azərbaycançılıq ideyasının gənclər tərəfindən mənimsənilməsi yolu ilə əldə olunur.