Balakəndə “Milli-mənəvi dəyərləri qoruyan Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
Sentyabrın 27-də Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu akademik Z.Əliyeva adına şəhər üç saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərləri qoruyan Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə milli-mənəvi dəyərlər haqqında danışıb, bu dəyərləri qorumağın vacibliyini və bu məsələdə gənclərin daha diqqətli olmalarının əhəmiyyətini diqqətə çatdırıb.
Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov dini radikalizmin yaranmasından və fəsadlarından bəhs edib. Bildirib ki, buna qarşı mübarizədə əsas vasitə gənclərin təhsilli və elmli olmalarıdır.
Daha sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

