Balakəndə maarifləndirmə tədbiri təşkil olunub
Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayon Yeni Şərif kənd tam orta məktəbində “Gənclər dini radikalizmə qarşıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, məktəbin direktoru Sabir Xoçberov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun aktuallığı qeyd edilərək, gənclərlə bu cür görüşlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri, törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib, gənclərin radikal dini qruplardan qorunması məsələsində düzgün maarifləndirmənin önəmi barədə danışılıb. Həmçinin bildirilib ki, bu gün dövlətimiz tərəfindən radikalizm meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu mübarizədə hər bir vətəndaş dövlətlə eyni mövqedən çıxış etməli, xüsusilə gənclər bu işdə fəallıq göstərməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilmiş maarifləndirici ədəbiyyat paylanılıb.

