21.08.2017
Balakəndə maarifləndirci tədbir keçirilib
Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Balakən rayonu Cederovtala kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov bildirib ki, İslam dini yaxşılığı insanlar arasında yaymağı və pis əməllərdən çəkinməyi təbliğ edir. O əlavə edib ki, İslamı düzgün yaşamaq üçün məhz bu prinsiplərə əməl edilməlidir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev isə deyib ki, hər bir radikal fikir cəmiyyətdə stabilliyi pozmağa istiqamətlənib. Bir vətəndaş kimi və bir dindar kimi bizim borcumuz bu cür fikirlərə qarşı laqeyd qalmamaqdır.
Balakən RİH başçısı Aparatının nümayəndəsi Fariz Nəcəfov isə çıxışında qeyd edib ki, ölkəmizin sahib olduğu əmin-amanlıq şəraitini qorumaq üçün milli-mənəvi dəyərlərimizə sahib çıxmalı və radikal dini düşüncələrə qarşı ideoloji mübarizə aparmalıyıq.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
.jpg)
