04.11.2016
Balakəndə layihə çərçivəsində növbəti tədbir baş tutub
Noyabrın 4-də Balakən rayonunun İtitala kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə İtitala kənd dini icması tərəfindən həyata keçirilən “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti” layihəsi çərçivəsində “İslam və milli dəyərlərimiz” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Balakən rayon qazısı İbrahim İbrahimov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları, İtitala kənd sakinləri, dindarlar və ziyalılar iştirak ediblər.
Layihənin rəhbəri Hacıməhəmməd Əliyev çıxış edərək layihənin keçirilməsi üçün göstərdiyi köməyə görə DQİDK-ya və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib. Layihə haqqında məlumat verən natiq xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında İslam dininin böyük rola malik olduğunu bildirib.
Tədbirdə ekspert kimi çıxış edən Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev milli adət-ənənələrimizin dini dəyərlərimizlə çulğalaşaraq mənəvi dəyərlərimizi formalaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, milli-dini dəyərlərimizə sahib çıxmaq hər birimizin borcudur.
Milli-mənəvi dəyərlərimiz barədə geniş söhbət açan Balakən rayon qazısı İbrahim İbrahimov bildirib ki, hər birimiz milli-mənəvi dəyərlərimizi qoruyub saxlamalı, düzgün təbliğ etməliyik. Çünki bu dəyərlər bizə ata-babalarımızdan miras qalan ən dəyərli sərvətdir.