31.05.2017
Balakəndə “İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində növbəti tədbir keçirilib
Mayın 31-də Balakən Rayon İcra Hakimiyyətinin (RİH), Balakən Rayon Təhsil Şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Sarıbulaq kənd tam orta məktəbdə “İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində “Dini etiqad azadlığı və insan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Balakən RİH-in Humanitar məsələlərlə iş üzrə şöbənin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları – Sənan Hacıyev və Elvin Qarayev, Balakən rayonu Sarıbulaq kənd tam orta məktəbin yuxarı siniflərin şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Etibar Mərdanov mövzu ilə əlaqədar tədbir iştirakçılarına məlumat verib. Balakən RİH-in Humanitar məsələlərlə iş üzrə şöbənin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov bildirib ki, Azərbaycan dünya ölkələri içərisində hər zaman əsas insan hüquq və azadlıqlarına verdiyi dəyərə görə seçilib. Ölkəmizdə dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Bütün ölkə vətəndaşları əsas hüquq və azadlıqlarla təmin olunub. Dini etiqad azadlığı əsas insan hüquqlarından biridir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev qeyd edib ki, Konsititusiyamızda və digər qanunvericilik aktlarında dinindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qanun qarşısında bərabər olduğu və bu sahədə ayrı-seçkiliyin yolverilməz olduğunu öz əksini tapıb. Qanunvericiliklə yanaşı, xalqımızın milli-mənəvi dəyərləri içərisində müxtəlif millətlərin, dinlərin və məzhəblərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşaması mənəvi sərvətimizin ən gözəl nümunələrindəndir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan olunması bunun əyani təzahürüdür.
Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.