25.07.2017
Balakəndə “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib
İyulun 25-də Balakən rayonu Qabaqçöl qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Seminarda DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Vüqar İmamquliyev, Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşları, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-treninqi giriş sözü ilə açan Balakən RİH başçısı Aparatının nümayəndəsi Fariz Nəcəfov rayondakı dini durumla bağlı məruzə edib.
Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, dini radikalizmin fəsadlarından, onun yaranma səbəblərindən, bu sahədə aparılan mübarizə üsullarından bəhs edib. Həmçinin qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və İslam həmrəyliyi ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. O, dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği, eləcə də ənənəvi İslamın dirçəldilməsi məqsədi ilə hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)