Balakəndə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib
Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Hənifə kənd tam orta məktəbində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən Rayonu Hənifə kənd tam orta məktəbinin direktoru Əsiyət Abdullayeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hənifə kənd tam orta məktəbinin direktoru Əsiyət Abdullayeva keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. Belə tədbirlərin gənclərin xurafat və radikalizmdən uzaq olması üçün önəmli olduğunu bildirib.
Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev dövlət-din münasibətlərindən, Prezident cənab İlham Əliyevin dini dəyərlərə, din xadimlərinə və dini icmalara göstərdiyi qayğıdan danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət-din siyasəti nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Dini radikalizmin təbliğat metodları, onların törətdiyi fəsadlar haqqında ətraflı məlumat verən E.Atakişiyev vurğulayıb ki, din adından istifadə edərək dini radikalizmi təbliğ etməyə cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən də gənc nəslin sayıqlıq və vətəndaşlıq mövqeyi göstərməsi zəruridir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici ədəbiyyat paylanılıb.


