Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.12.2016

Balakəndə “Dini radikalizm milli dəyərlərimizə qarşı yönəlmişdir” mövzusunda tədbir olub

Dekabrın 9-da Balakən rayonunun Mollaçı kənd məscidində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə İtitala kənd dini icması tərəfindən həyata keçirilən “Milli dəyərlərimizin formalaşmasında İslam dinin əhəmiyyəti” mövzusunda layihə çərçivəsində “Dini radikalizm milli dəyərlərimizə qarşı yönəlmişdir” mövzusunda tədbir təşkil olunub. 
Tədbirdə Balakən rayonun qazısı Hacı İbrahim İbrahimov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Sənan Hacıyev, kənd sakinləri və dindarlar iştirak ediblər.
Layihənin rəhbəri Hacıməhəmməd Əliyev çıxış edərək layihənin həyata keçirilməsində göstərdiyi köməyə görə Dövlət Komitəsinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında İslam dinin böyük rola malikdir.
Milli-mənəvi dəyərlərimizin bizi xalq kimi formalaşdıran və digər dünya xalqlarından fərqləndirən əsas cəhət olduğunu deyən Balakən rayonunun qazısı Hacı İbrahim İbrahimov Azərbaycanda bütün dinlərə hörmətlə yanaşıldığını, hər kəsin etiqad azadlığının qorunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu cür şəraitin yaradılması Azərbaycanda din sahəsinin dövlət siyasətinin önəmli tərkib hissəsi olduğunu göstərir. Hər zaman dini və milli dəyərlərimizi qorumalı, birgə yaşamağımıza maneə olan istənilən radikal dini düşüncəyə qarşı ayıq-sayıq olmalıyıq.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev dindarların maarifləndirilməsi işinin əhəmiyyətindən danışıb. Bildirib ki, radikal dini düşüncəyə qarşı mübarizədə əsas silahımız milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, onu dərindən öyrənmək və gənc nəsli milli ruhda tərbiyə etməkdir.