17.08.2017
Balakəndə “Dini ekstremizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib
Avqustun 17-də Balakən rayonunun Şambul kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cederovtala kənd dini icması tərəfindən həyata keçirilən “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində “Dini ekstremizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Mehman İsmayılov, Elvin Qarayev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İbrahim İbrahimov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
QMİ-nin Balakən rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İbrahim İbrahimov çıxışında bildirib ki, İslam dini hər zaman müsəlmanlara doğru əməlləri əmr edib, pis əməllərdən çəkindirib. Dinimiz sülh, əmin-amanlıq dinidir. İnsanlara din adı altında qorxu və nifrəti aşılamaq İslama ziddir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov İslam dünyasında dini ekstremizmin yaranma tarixindən, bugünkü vəziyyətindən və mümkün fəsadlarından danışıb. O, müxtəlif müsəlman ölkələrində baş verən neqativ hadisələrin səbəbləri və ölkəmizin bunun tam əksinə olaraq İslam həmrəyliyinə verdiyi töhfələr barədə iştirakçılara məlumat verib. Eyni zamanda bildirib ki, İslamı düzgün təmsil etmək və nümunəvi müsəlman olmaq hər birimizin İslam birliyi üçün atacağımız ən böyük addımdır.
Tədbirdə çıxış edən Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov ölkəmizdə və bütövlükdə İslam dünyasında dini ekstremizmə qarşı mübarizə üçün müsəlmanların təhsil səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.