Balakən rayonunda maarifləndirmə tədbiri keçirilib
Avqustun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Balakən Rayon İcra Hakimiyyətinin (RİH), Balakən rayon Gənclər və İdman İdarəsinin və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və narkomaniya ilə mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nurlan Şibliyev, Balakən Rayon Təhsil Şöbəsinin metod kabinetinin direktoru Məryəm Qarayeva, məktəb direktorları, direktor müavinləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən söhbət açılaraq bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin apardığı düzgün və mütərəqqi siyasət ölkəmizdə dini fanatizm və radikalizmin yayılması cəhdlərinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə önəmli rol oynamaqdadır. Dini radikalizm və narkomaniya problemlərinin mahiyyəti, fəsadları və mübarizə yolları haqqında ətraflı məlumat verilib, cəmiyyətin bu bəlalardan müdafiə olunması üçün birgə mübarizənin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



