15.12.2016
Bakıda “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda beynəlxalq konfrans keçirilir
Dekabrın 15-də ADA Universitetində “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfrans Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ADA Universitetində Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin Dəstəyi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə təşkil edilib.
Rəsmi şəxslərin, diplomatik korpusun nümayəndələrinin, jurnalistlərin, beynəlxalq ekspertlərin, tələbələrin iştirak etdikləri konfransda dinlərarası tolerantlıq və medianın bu sahədə oynadığı rol barədə çıxışlar dinlənilir, müzakirələr aparılır.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard əvvəlcə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrdən danışıb. O, 2016-cı ilin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, məhz bu il Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni hüquqi müstəvidə qurulması qərara alınıb. Səfir gələn ilin əvvəlindən bu istiqamətdə danışıqlara başlanılmasına ümid etdiyini bildirib.
Malena Mard deyib ki, bu il Avropa İttifaqı ilə Azərbaycan arasında dörd alt komitədən üçü üzrə iclaslar keçirilib. O qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla səmərəli idarəçilik, iqtisadiyyat, enerji və digər məsələlərin müzakirəsinə böyük önəm verir.
Nümayəndəliyin rəhbəri vurğulayıb ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib və bu gün keçirilən konfransın mövzusu da bununla bağlıdır. Tədbirdə dini nifrətin, ekstremizmin qarşısının alınması kimi mövzularla bağlı fikir mübadiləsi aparılır. Bu problemlərin həllinin tapılmasında açıq müzakirələr mühüm əhəmiyyət kəsb edir. Mövzu ətrafında ekspertlərin, media nümayəndələrinin fikir bildirməsi önəmlidir. M.Mard vurğulayıb ki, Azərbaycanda müxtəlif etnik azlıqlar arasında hər zaman anlaşma olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, tolerantlıq bizim qədimdən gələn ənənəmizdir. Azərbaycanda müxtəlif millətlər tarixən dinc şəraitdə yaşayıblar. Azərbaycan xalqı ölkə ərazisində yaşayan xalqlara hər zaman tolerant münasibət göstərib. Üç səmavi dinin nümayəndələri öz dini inanclarını burada dinc şəraitdə yerinə yetirirlər.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, Azərbaycan tolerant ölkədir, müxtəlif millətlər, o cümlədən yəhudilər, xristianlar, hətta ermənilər heç bir problem olmadan burada rahat şəkildə yaşayırlar. Bu sahədə Azərbaycanın təkmil qanunvericiliyi var. Paytaxtın mərkəzində erməni kilsəsi olduğu kimi qalır. Ə.Amaşov Azərbaycan tolerantlığının, multikulturalizminin təbliğində mətbuatın rolundan danışıb.
Beynəlxalq konfrans panel iclaslarla davam edir.




.jpg)