ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans keçirilir.
11 ölkədən nümayəndələrin iştirak etdikləri konfransda dini tolerantlığın Azərbaycan modeli, eləcə də ATƏT regionu və onun hüdudlarından kənarda mövcud olan çağırışlar müzakirə edilir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski çıxış edərək deyib ki, təşkilatın tolerantlığın təşviqi, ayrı-seçkilik, antisemitizm, islamofobiya hallarına qarşı mübarizə ilə bağlı bir sıra öhdəlikləri var. Bildirilib ki, ATƏT demokratik cəmiyyətin qurulmasında dialoqun təşviqini dəstəkləyir, həmçinin ATƏT regionunda nifrət zəminində cinayətlərə və çıxışlara qarşı qəti mövqe tutur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tolerantlığın və multikultural mədəniyyətin hər bir dövləti gücləndirən, xalqı mütəşəkkilləşdirən və onun birliyini təmin edən bir amil olduğunu söyləyib. Şeyxülislam bildirib ki, Azərbaycanda dini-mənəvi irsə ehtiram yüksək səviyyədədir, tolerantlıq ənənələri qədim tarixə malikdir. Xalqımızın milli mənəvi və tarixi irsinə istinad edən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün qurur mənbəyidir.
Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, ölkəmizin əsrlər boyu tolerantlıq sahəsində qazandığı uğurlar dünyaya nümunədir. O bildirib ki, dünyada sülhün, əmin-amanlığın təmini üçün bəşər övladı bir-birini anlamalı, müxtəlif dinlərə, mədəniyyətlərə məxsus cəmiyyətlər bir-birinə qarşılıqlı hörmət şəraitində yaşamalıdır.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva qurumun baş direktoru İrina Bokovanın konfrans iştirakçılarına müraciətini oxuyub.
Sonra Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin, Tbilisi İlahiyyat Akademiyasının rektoru Protopresviter Giorgi Zviadadzenin, Bütün Gürcüstanın katalikos patriarxı II İlyanın müraciətləri səsləndirilib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq çıxış edərək bu gün dünyada dini zəmində münaqişələrin artdığını, Orta Şərqdə baş verən hadisələrin bunun bariz nümunəsi olduğunu söyləyib. Bildirilib ki, dini zəmində münaqişə yaradanlar həm də nifrət yayırlar. Ümumi bir çağırışla üzləşirik ki, bu nifrətlə necə mübarizə apara bilərik. Biz hamımız qarşılıqlı anlaşma, sülh şəraitində birgə yaşamağı öyrənməliyik. Səfir Azərbaycanda bu sahədə qazanılmış təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycanda tolerantlığın həm də dövlət siyasəti kimi həyata keçirildiyini, ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, dini tolerantlığı təşviq etmək zamanın çağırışıdır. Dünyada münaqişələr davam edir. “Tolerantlığı möhkəmləndirmək üçün nə edilməlidir” sualına cavab tapılmalıdır.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, dini icmaların, vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri, eləcə də beynəlxalq ekspertlər və elm adamları demokratik cəmiyyətdə dinlərarası dialoqun rolunu və qloballaşan dünyada dini radikallaşma meyllərinin qarşısının alınması yollarını müzakirə edəcəklər.