18.06.2015
Bakıda dini icmaların maarifləndirmə layihələrinə start verildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə fəaliyyət göstərən bir sıra dini icmalara maliyyə yardımı ayrılıb. Bakı şəhəri üzrə Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şamlı” məscidi dini icması, Müşfiqabad qəsəbə məscidi dini icması, Qobustan qəsəbəsi “Şıxlar” kənd məscidi dini icması, eləcə də Yasamal rayonu “Xanım Zəhra” məscidi din icması maliyyə yardımı ayrılan dini icmalar sırasındadır. Adıçəkilən dini icmalarda bu məqsədlə milli-mənəvi dəyərlərimizin təbliği və maarifləndirmə işinin təşkili üzrə layihələrə start verilib. “Gənclər arasında dini maarifləndirmə kursunun təşkili” adı altında həyata keçirilən layihələrdə əsas məqsəd gənclərə İslam dininin əsas anlayışlarının düzgün şəkildə çatdırılması, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması, dini radikalizmlə mübarizə və dini icmaların bu istiqamətdəki fəaliyyətinin daha da genişləndirilməsidir. Maarifləndirmə layihələrinin həyata keçirilməsinə dini icmalarla yanaşı ilahiyyatçı mütəxəssislər də cəlb olunub. Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi layihələrin təyinatı üzrə həyata keçirilməsi, dini icmalara bu istiqamətdə köməkliyin göstərilməsi, eləcə də mütəxəssislərin kurslarda iştirakının təmin edilməsi üzrə fəaliyyətini davam etdirir.