Bakıda Avropa Yəhudiləri Sinaqoqunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib
Dekabrın 4-də Bakıda Avropa Yəhudiləri Sinaqoqunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın ruhu anılıb.
Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalın iştirakı ilə dini ayinlər yerinə yetirilib, şəhidlərin ruhuna dualar oxunub.
Şneor Seqal bildirib ki, biz şəhidlərimizin xatirəsi üçün bugünkü ibadətlə kifayətlənməməliyik. O deyib: “Onlar bizə Qələbə bəxş etdilər, torpaqlarımızı işğaldan azad etdilər və biz oraya qayıda bilərik. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəhidin xatirəsi bizim üçün mühümdür”.
Öz növbəsində, icmanın rəhbəri Aleksandr Şarovski deyib: “Bu gün biz torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən əsgərlərimizin xatirəsi qarşısında ailələrimizlə, yəhudi qardaşlarımızla birgə baş əyirik. Prezident İlham Əliyevin rəhbərliyi altında bizim rəşadətli ordumuz işğalçıları torpaqlarımızdan qovdu. Bütün ölkə Vətənimizin azadlığı uğrunda canından keçən övladlarımızın, oğullarımızın ruhu qarşısında baş əyir”. (AZƏRTAC)




