26.04.2016
Bakı və İsmayıllıda multikulturalizm mövzusunda tədbirlər keçirilib
Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonu 91 saylı tam orta məktəbdə “Multikulturalizm Azərbaycanın həyat tərzidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Novruz Həsənli, Səbail Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov, məktəbin direktoru Svetlana Zülfüqarova, Səbail RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili (YYÇ) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Nağıyev, din xadimləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 91 saylı tam orta məktəbin direktoru Svetlana Zülfüqarova bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək, məktəblərdə keçirilən bu tədbirlərin əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov multikulturalizm anlayışı, onun ehtiva etdiyi dəyərlər, həmçinin, multikulturalizm sahəsində ölkəmizdə görülən mütərəqqi işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, xalqımızın tarixi köklərinə dayanan bir həyat tərzidir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov və digər natiqlər Azərbaycanın multikulturalizm modeli, həmçinin, dini radikalizmin mahiyyəti ilə bağlı bir sıra məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
* * *
Aprelin 26-da İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəbində “Multikulturalizm və tolerantlıq dövlət siyasətinin bir istiqaməti kimi” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rayonun Hacıhətəmli və Mollaisaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, tam orta məktəblərin direktorları, İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, İsmayıllı şəhər “Cümə" məscidi dini icmasının sədri Vasif Teymurov, Kürdeldarbəyli kənd məscidi dini icmasının sədri Abdurrəhman Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Valeh Salehov, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İsmayıllı RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov ölkədə hökm sürən tolerant və multikultural mühitdən danışaraq İsmayıllı rayonunda azsaylı xalqların dostluq və mehriban şəraitində birgə yaşamasından ətraflı söhbət açıb. Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsini qeyd edərək son dövrlər bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunmasından, dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə üç səmavi dinin, eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü Valeh Salehovun dini ayin və mərasimlərin təşkili vəziyyəti barədə çıxışı böyük maraqla dinlənildi. Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Hacıhətəmli kənd orta məktəbinin müəllimi Mehdi Məmmədov, Mollaisaqlı kənd orta məktəbinin müəllimi İldırım Məsumov milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacibliyindən danışaraq, rayondakı multikultural mühitin mövcudluğuna dair konkret nümunələr göstəriblər.
Sonda rayonun Mollaisaqlı kəndində yaşayan hapıtların folklor nümunələri və əl işləri nümayiş olundu.