26.12.2017
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində növbəti dini maarifləndirmə tədbiri keçirilib
Dekabrın 26-da “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-Tədris Mərkəzində növbti dini maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müşaviri Mehdi Məmmədov, Bakı Şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları, “Bakı Metropoliteni”nin məsul işçiləri iştirak ediblər.
Tədbirdə ilk öncə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Daha sonra çıxış edən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müşaviri M. Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, DQİDK ilə “Bakı Metropoliteni” birgə mütamadi bu cür maarifləndirmə tədbirləri həyata keçirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında ölkəmizdə dini radikalizm və dini ekstremizmlə mübarizə tədbirlərindən bəhs edib. Natiq bu istiqamətdə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə”, “Şəhadət” sənədli filmlərininböyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. S. Heydərovun sözlərinə görə, bəzi xarici qüvvələr İslam dinindən siyasi və iqtisadi maraqlar naminə alət kimi istifadə edirlər ki, Yaxın Şərqdə baş verən proseslər buna bariz nümunədir. Vurğulayıb ki, əslində dinimiz sülh dinidir və insanları sülhə, əmin-amanlığa çağırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ictimai-siyasi sabitliyin mövcud olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədr müavini bildirib ki, Azərbaycan dövlət-din münasibələrinə, tolerantlıq və multikulturalizm siyasətinə görə dünyada nümunəvi ölkələrdən biridir. Qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, bununla bağlı Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirilməsi respublikamızın müsəlman aləmində, bütövlükdə dünyadakı nüfuzundan irəli gəlir.
S. Heydərov dini radikalizmlə mübarizədə hər kəsi, xüsusilə mühafizə keşikçilərini diqqətli olmağa çağırıb, bununla bağlı tövsiyələrini verib.
(1).jpg)