30.11.2016
Bakı Dövlət Universitetində “Fitnə” sənədli filmi nümayiş edilib
Noyabrın 30-da Bakı Dövlət Universitetində “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş edilib.
Sonra rektor, akademik Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində ölkədə böyük işlər görülür, çoxşaxəli addımlar atılır. Bu sahədə ən önəmli məsələlərdən biri gənclər arasında aparılan maarifləndirmə işinin düzgün qurulmasıdır. Tədbirin də elə bu məqsədlə təşkil edildiyini deyən rektor dünyada aparıcı güclərin din amilindən geosiyasi maraqları üçün istifadə etdiklərini, din pərdəsi altında müxtəlif münaqişələr törətdiklərini, İslamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onun gözdən salmağa yönələn siyasət həyata keçirdiklərini bildirib. Akademik Abel Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. Rektor xüsusi olaraq vurğulayıb ki, bəzi qüvvələrin sui-istifadə etdiyi dini ekstremizm kimi çirkin əməllərin öhdəsindən maarifçiliyin yüksəlməsi, elmin və mədəniyyətin inkişafı ilə gəlmək olar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.
Mübariz Qurbanlı qeyd edib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edən Komitə sədri maarifləndirici sənədli filmlərin də radikal qruplara qoşulanların sayının azalmasına təsirini göstərəcəyini deyib. Çünki gəncləri dini radikal qrupların təsirindən qorumaq üçün təbliğat vasitələrindən biri də filmlərdir. Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində sənədli filmin təbliğat baxımından qısa vaxtda ciddi uğur qazanacağını hesab edərək, radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlayıb.
Tədbir Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyevin çıxışı ilə başa çatıb.