Şriftin ölçüsü:

Saytın rəngi:

03.09.2013

Azərbaycandakı dini icmalar arasındakı münasibət dünyada nadir hallarda rast gəlinən tolerantlıq nümunəsidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəvəti və təşkilatçılığı ilə “Milli Tolerantlıq Mərkəzi” layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrindən mədəniyyətlərarası və dinlərarası dialoq və tolerantlıq barədə müntəzəm araşdırmalar aparan və bu sahədə beynəlxalq rəyin formalaşmasında əhəmiyyətli rolu olan nüfuzlu beynəlxalq ekspertlərdən ibarət qrup avqustun 30-dan Azərbaycanda səfərdədir.

Ekspertlər qrupuna dünyanın müxtəlif ölkələrindən tanınmış nümayəndələr daxildir. Onların arasında Fransanın “Canal+” televiziyasının aparıcısı Roknaya Diallo, mərhum Şahzadə Diananın şəxsi katibi olmuş Patrik Jefson, məşhur publisist Valeri Novoselski və başqaları vardır.
AzərTAc xəbər verir ki, səfərin nəticəsi olaraq sentyabrın 2-də Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

“Milli Tolerantlıq Mərkəzi” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verən DQİDK-nın şöbə müdiri Nicat Məmmədli qeyd etmişdir ki, səfər çərçivəsində ekspertlər qrupu ölkəmizin tolerantlıq modeli ilə yaxından tanış olmuşlar. Onlar Bakıda və Azərbaycanın regionlarında müxtəlif dinlərin nümayəndələri ilə görüşlər keçirmiş, həmçinin DQİDK tərəfindən tərtib edilmiş “Tolerantlığın İpək Yolu marşrutunda” yer alan və ölkəmizin çoxəsrlik tolerantlıq tarixinin əks olunduğu tarixi abidələri ziyarət etmişlər.

Ekspertlər “Tolerantlığın İpək Yolu marşrutu” üzrə xüsusi olaraq hazırlanmış avtobusla Qubada Qırmızı Qəsəbəni, Şamaxıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təmir olunmuş Cənubi Qafqazın ilk Cümə məscidini, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Qafqaz Albaniyasının qədim kilsəsini, Şəkidə Qafqazın ilk kilsəsi olan Kiş kilsəsini və digər abidələri ziyarət etmişlər.

Beynəlxalq ekspertlər səfərlə bağlı öz təəssüratlarını media nümayəndələri ilə bölüşərək bildirmişlər ki, Azərbaycandakı dini icmalar arasında münasibət dünyada nadir hallarda rast gəlinən tolerantlıq nümunəsidir. Burada bir çox nəsillər tolerantlıq və dostluq ruhunda böyümüşlər. Bu ölkədə olan dinlərarası tolerantlığın köklü ənənəsi vardır.

Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Bakı, 2 sentyabr (AzərTAc).