Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.01.2026

Azərbaycanda pravoslav xristianları Milad bayramını qeyd ediblər

Yanvarın 7-də Bakıda və respublikamızın bölgələrində yaşayan pravoslav xristianları Milad bayramını qeyd ediblər.

Ölkəmizdə yaşayan pravoslavlar tərəfindən hər il təntənəli şəkildə təşkil edilən Milad bayramı Xristianlığın ən əlamətdar hadisələrindən olan İsa Məsihin mövludu günü münasibətilə keçirilir.

Bayram tədbirləri Bakı şəhərində Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı, Müqəddəs Məryəmin Mövludu, Arxangel Mixael kilsələri, Gəncə şəhəri Aleksandr Nevski kilsəsi, Xaçmaz şəhəri Müqəddəs Nikolay kilsəsi, Sumqayıt şəhəri Müqəddəs Serafim Sarovlu kilsəsi, Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsi, Qax rayonunda yerləşən "Müqəddəs Nino" və “Müqəddəs Giorgi” kilsələri, eləcə də Qəbələ rayonu Nic qəsəbəsindəki Yelisey "Cotari" kilsəsində təşkil olunub. İbadət evlərinə toplaşan pravoslavlar şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, dini ayinlər icra ediblər.

Qeyd edək ki, respublikamızda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına dəstək göstərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan siyasətin prioritet istiqamətlərindəndir.