Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.08.2017

Azərbaycanda multikultural və həmrəylik münasibətləri mövcuddur

Avqustun 15-də cənab Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı ayrılmış Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” adlı layihə çərçivəsində Bəlləbur kəndində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov, Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli İslamda həmrəylik, birlik çağırışlarının  müqəddəs kitabımız olan Qurani-Kərimə gedib çıxdığını bildirib. E.Həmidli mütərəqqi din olan İslam dininin cəmiyyəti həmrəyliyə çağıran, vəhdətə dəvət edən ilahi mesajlara söykəndiyini qeyd edib. O, bu baxımdan cənab Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə ölkəmizin müqəddəs missiya yerinə yetirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov çıxışında Azərbaycanda tarixən tolerant, multikultural və həmrəylik münasibətlərinin mövcud olduğunu vurğulayıb. E.Səfərov ölkəmizin İslam həmrəyliyinin Azərbaycan modelini yaratdığını, bununla nəinki müsəlman şərqinə, ümumilikdə,  bütün dünyaya həmrəylik mesajları verdiyini bildirib.
Digər natiqlər çıxışlarında sülh və həmrəylik dini olan İslam dininin hər cür bölücülüyü, təfriqəni, fitnə-fəsadı rədd etdiyini bildirərək, müsəlmanların ən böyük silahının vəhdət silahı olmasının vacibliyini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.