20.09.2017
Azərbaycanda İslam dəyərləri həmişə uca tutulub
Sentyabrın 20-də Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Astara rayonu Kijəbə qəsəbə məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşı” adlı layihə çərçivəsində Lovayın kəndində maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, Astara RİH başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, bələdiyyə sədri Ağadadaş Qənbərov, icma sədri Ələkbər İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dövlət-din münasibətlərindən geniş bəhs edib. Q.Məmmədov ölkəmizdə heç vaxt din və məzhəb ayrı-seçkiliyinin olmadığını, bu müsbət ənənənin davam etdirildiyini, həmrəylik münasibətlərinin qorunduğunu bildirib.
Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin bir ailə kimi sülh, mehribanlıq və həmrəylik şəraitində yaşadığını qeyd edib.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, Astara RİH başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev və dini icmanın sədri Ələkbər İsayev çıxışlarında ölkəmizdə milli və dini ənənələrin qorunub saxlanıldığını, İslam dəyərlərinin həmişə uca tutulduğunu, bütün dinlərin və millətlərin nümayəndələrinə xoş münasibətin olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.