Şriftin ölçüsü:

Saytın rəngi:

16.07.2015

Azərbaycanda ilk dəfə brayl əlifbası ilə çap edilmiş Qurani-Kərimin təqdimatı keçirilib

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə çap edilmiş Qurani-Kərimin təqdimatı keçirilib.
Təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, millət vəkilləri Siyavuş Novruzov və Fazil Mustafa, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Türkiyə səfirliyinin din xidmətləri müşaviri Kamil Günəş, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi, DQİDK-nın sədr müavinləri və şöbə müdirləri, QHT rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, bu gün ölkəmizdə İslam dininə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini bildirib. Komitə sədri Azərbaycanda ilk dəfə brayl əlifbası ilə çap edilmiş Qurani –Kərimin möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına nəşr edildiyini deyib. Görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün brayl əlifbası ilə hazırlanan Qurani –Kərimin 7 cilddə çap edildiyini vurğulayan Komitə sədri, bu təşəbbüsün vətəndaşların mənəvi zənginliyinin təmin edilməsi baxımından çox gərəkli olduğunu deyib. Qurani-Kərimin görmə qüsurlular üçün çap edilməsi sosial layihədir və bu layihələr davamlı olaraq həyata keçiriləcək.
Akademik Vasim Məmmədəliyev çıxış edərək, brayl əlifbası ilə çap edilən Qurani-Kərimin məhz müqəddəs Ramazan bayramı ərəfəsində təqdim edilməsini, ümumilikdə bu kitabın işıq üzü görməsini son dövrün ən böyük və uğurlu hadisələrindən hesab etdiyini bildirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müqəddəs Ramazan bayramı münasibətilə bütün İslam dünyasını, Azərbaycan xalqını təbrik edərək qeyd edib ki, gözdən əlillərə, əlil insanlara, ahıllara diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətinin əsas istiqamətidir. Millət vəkili bildirib ki, brayl əlifbası ilə çap edilən Qurani-Kərim dinimizin təbliği baxımından da çox mühüm addımdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov mənəvi dəyərlərlə zəngin olan Qurani-Kərimin Ramazan bayramı ərəfəsində təqdim edilməsinin rəmzi məna daşıdığını vurğulayaraq deyib ki, gözdən əlil vətəndaşlar üçün bu kitabın çap edilməsi çox böyük sosial layihədir. Gözdən əlil insanlar, o cümlədən əlil idmançılarımız dövlətin birbaşa nəzarətindədir və onlar bütünlüklə qayğı ilə əhatələniblər. Azərbaycanda ilk dəfə brayl əlifbası ilə Qurani-Kərimin çap edilməsi də bu qayğının ən bariz nümunəsidir.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, millət vəkilli Fazil Mustafa, Türkiyə səfirliyinin din xidmətləri müşaviri Kamil Günəş, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək Qurani-Kərimin gözdən əlil vətəndaşlarımız üçün çap edilməsini milli-mənəvi dəyərlərimizin, ümumilikdə dinimizin təbliği baxımından çox mühüm addım olduğunu deyiblər. Çıxış edənlər bu gün Azərbaycanda İslam dininə və digər dinlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.