Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.06.2021

Azərbaycanda dövlət-din münasibətləri: 20 illik nailiyyətlər

Ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşamış və bu ənənə günümüzə qədər davam etmişdir. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği dövlətin əsas siyasi prioritetlərindən biri olmuşdur.

Şübhəsiz ki, Azərbaycanın dövlət-din modeli zəngin tariximizə, eləcə də tolerant ənənələrimizə əsaslanır. Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, dinamik inkişafın başlıca qarantıdır desək, yanılmarıq. Bu gün Azərbaycan dünyada müxtəlif dinlərin mədəni irsinin qorunub saxlanıldığı məkanlardan biri kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycan dini tolerantlığın ən uğurlu modelini yaratmış, ərazisində fərqli mədəniyyət və sivilizasiyaların harmoniyasına nail olmuşdur.   

Sovet hökuməti dövründə digər xalqlar kimi Azərbaycan xalqı da 70 il ateist-kommunist rejimi əsarətində yaşamış, dini inancları, milli kimliyi unutdurulmağa çalışılmışdır. Lakin bütün bunlara baxmayaraq, xalqımız öz milli-mənəvi, xüsusilə dini dəyərlərinə sadiqliyini qoruyub saxlaya bilmişdir. Müstəqillik illərinin ilk dövrlərində ölkədə dövlət-din münasibətlərində bir sıra problemlər yaranmışdır. Ölkədə müxtəlif missioner təşkilatlar tərəfindən milli-mənəvi dəyərlərimizə tamamilə yad dini ideologiyalar, cərəyanlar yayılmağa başlamışdır. Dini durumda müşahidə olunan bu təlatümlərin fonunda radikallaşma prosesi canlanır və beləliklə, ümumi stabillik və hətta dövlətçilik üçün təhlükə yaranırdı. Bütün bu neqativ tendensiyalar ölkədə dini müxtəlifliyin təmin olunması məqsədi ilə dövlət idarəçiliyində sistemli və məqsədyönlü siyasətin aparılması zərurətinini meydana gətirirdi. Şübhəsiz ki, bu kimi çətinliklərin öhdəsindən gəlmək üçün dərin siyasi bilik, idarəetmə bacarığı tələb olunurdu. Ümummilli Lider Heydər Əliyev isə bu keyfiyyətlərə malik bir şəxsiyyət idi. Onun ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədə sabitlik bərqərar olmağa başladı. Ulu Öndər dövlət-din münasibətlərini qanunvericilik səviyyəsində nizamlaya bildi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət-din münasibətlərinin hüquqi əsasları öz əksini tapdı.  Müxtəlif dini qurumlar arasında tolerant münasibətlərin möhkəmlənməsi, dini radikalizm və ekstremizm hallarının qarşısının alınması istiqamətində mühüm addımlar atıldı.  1996-cı ildə Prezident Heydər Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda əlavə və dəyişiklikləri təsdiq etdi. Bununla da, dövlət-din münasibətlərində yeni mərhələnin əsası qoyuldu.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində sovet rejimi tərəfindən taxıl anbarlarına, klublara çevrilmiş məscidlərin fəaliyyəti bərpa olundu, İslam dininin müqəddəs kitabı “Qurani-Kərim” Azərbaycan dilinə tərcümə olunaraq əhali arasında sərbəst yayılmağa başlandı. Pirlərdə, ziyarətgahlarda, eləcə də digər dinlərə mənsub dini ibadət ocaqlarında təmir-bərpa işləri aparılaraq yenidən xalqın istifadəsinə verildi.

1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmış Bibiheybət məscidi Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə yenidən inşa edilərək xalqın istifadəsinə verildi.

Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Dövlət Komitəsinin yaradılmasında məqsəd Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin (Vicdan azadlığı) həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək idi.

Ümummilli Liderin təşəbbüsü ilə 1999-cu ildən etibarən 16 noyabr Azərbaycanda və ümumilikdə regionda “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd edildi.  

Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti bu gün tarixinin ən qüdrətli dövrünü yaşamaqdadır. Son illərdə milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutmasında Prezident İlham Əliyevin xidmətləri misilsizdir.

Hazırda ölkədə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənməkdədir. Ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənərək dövlət siyasətinin əsas istiqamətinə çevrilmişdir. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir” fikri heç də təsadüfi söylənməmişdir.

Ölkəmizdə beynəlxalq konfransların, tədbirlərin keçirilməsi tolerantlığın ən yüksək səviyyədə olmasının göstəricisidir. Belə ki, 2010-cu ilin aprel ayında Bakı şəhərində keçirilmiş “Qloballaşma, din, ənənəvi dəyərlər” adlı tədbirdə müxtəlif ölkələrin 200-dən çox nümayəndəsi  iştirak etmişdir. Bu da öz növbəsində Azərbaycanın tolerantlıq modelinin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynamışdır. 

2011-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir. Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatının əməkdaşlığı ilə həyata keçirilir ki, bu da dövlətin din siyasətində əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılması və bir çox qabaqcıl ölkələr tərəfindən öyrənilməsi, eyni zamanda tətbiqi sahəsində geniş imkanlar yaratmaqdadır.  

Dindarlara dövlət dəstəyi və qayğısının artırılması məqsədi ilə ölkədə “Heydər məscidi”, “Hacı Cavad” məscidi inşa edilmiş, “Təzəpir”, “Bibiheybət”, “Əjdərbəy” məscidlərində, Gəncədəki “İmamzadə” kompleksində təmir-bərpa işləri aparılmışdır. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandığı iyirmi il ərzində xeyli işlər görmüş,  ölkədəki dini mühitin sağlamlaşdırılması, qanunazidd hərəkətlərin qarşısının alınması, dini icmaların qeydiyyatı, dini icmaların səmərəli fəaliyyət göstərmələri üçün maliyyə vəsaiti ayrılması, ölkə ərazisində nəşr edilən və xaricdən idxal edilən dini mahiyyətli ədəbiyyata nəzarət prosesinin həyata keçirilməsi, dindarlara vətənpərvərlik hisslərinin aşılanması və bu kimi bir sıra tədbirlər görmüşdür. Bundan başqa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini radikalizmin, ekstremizmin qarşısının alınması, zərərli vərdişlər, İslamın qadınlara münasibəti mövzularında, milli-mənəvi dəyərlərimizin təbliği, ölkədə və ölkə hüdudlarından kənarda multikulturalizmin, tolerantlığın Azərbaycan modelinin dünyaya çatdırılması istiqamətlərində  bir sıra maarifləndirici tədbirlər həyata keçirmiş, kitablar nəşr etmiş, müxtəlif saytlarda yazılar dərc etdirmişdir. Komitə eyni zamanda maarifləndirici məqsədlərlə "Dövlət və Din" jurnalını və "Cəmiyyət və Din" qəzetini nəşr etdirməkdədir. Bunlarla yanaşı, Dövlət Komitəsinin sifarişi ilə “Azerbaijan- the land of tolerance”, “Fitnə”, “Şəhadət”, “Vəhdət qanımızdadır”, “Üfüqdəki gələcək”, “Oxu!” kimi maarifləndirici filmlər çəkmişdir.

Ölkədə milli-mənəvi dəyərlərin təbliği, gələcək nəsillərə ötürülməsi işinin daha da səmərəli hala gətirilməsi məqsədi ilə 10 oktyabr 2017-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Hazırda Fond öz fəaliyyətini davam etdirərək milli-mənəvi dəyərlərin təbliği istiqamətində sosial layihələrin reallaşdırılması, maarifləndirici ədəbiyyatların nəşri, şəhid və qazi ailələrinin, ehtiyac sahiblərinin qayğısına qalınması, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirməkdədir.  

Din sahədə diqqət tələb edən əsas məsələlərdən biri də təhsildir. Belə ki, ölkəmizdə dini-ideoloji təhlükəsizliyin təminatına yönəlmiş təhdidlərin qarşısının alınmasına, milli dini kadrların yetişdirilməsinə ehtiyac duyulurdu.   Bu sahədə də dövlət vətəndaşlardan öz dəstəyini əsirgəməmişdir. Belə ki, Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan gənclərinin milli ruhda yetişmələri, onların milli-mənəvi dəyərlərə sahib çıxaraq dini öyrənmələrinin təmin edilməsi məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. Beləliklə, Azərbaycan gəncləri ölkəmizə, milli-mənəvi dəyərlərimizə, milli şüurumuza uyğun, sağlam dini biliklərə yiyələnə biləcəklər.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dövlətin din siyasəti istiqamətində, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, dinə dövlət dəstəyi və qayğısı sahəsində mühüm rol oynamaqdadır. Onun təşəbbüsü ilə həyata keçirilən “Tolerantlığın ünvanı. Azərbaycan” layihəsi çərçivəsində müxtəlif dini ibadət yerlərində - “Pir Həsən” ziyarətgahı, , “İmam Hüseyn” məscidi, Şamaxıda “Cümə” məscidi, Gəncədə “Həzrəti Zeynəb” məscidi, Bakıda “Müqəddəs Məryəm” kilsəsi, Nic qəsəbəsindəki “Müqəddəs Məryəm Ana Alban” kilsəsində təmir-bərpa işləri görülmüşdür.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda da Heydər Əliyev Fondunun dəstəyi ilə quruculuq işləri davam etdirilməkdədir. Erməni vandalları tərəfindən tamamilə dağıdılaraq yararsız hala salınan tarixi-dini abidələrimiz Fondun dəstəyi ilə yenidən tikilib bərpa olunmaqdadır. Uzun illərdən bəri erməni əsarətində qalan Şuşanın “Yuxarı Gövhər ağa”, “Aşağı Gövhər ağa”, “Saatlı” məscidlərinin, eyni zamanda “Yuxarı Gövhər ağa” məscidinin həyətində yerləşən mədrəsənin bərpa olunaraq əvvəlki görünüşünə geri qaytarılması bu istiqamətdə aparılan ilkin işlər sırasındadır. Qarabağdakı bütün tarixi-dini abidələr kimi bu məscidlər də dağıdılmış, interyeri dəyişdirilmişdir. Hazırda “Yuxarı Gövhər ağa” məscidinin birinci mərhələdə bərpası işləri başa çatdırılmışdır.

Uzun sürən fasilədən sonra Azərbaycanda multikulturalizm və tolerantlığın simvoluna çevrilən Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının keçirilməsi, Şuşanın mədəniyyət mərkəzinə çevrilməsi, qələbəmizin rəmzi olaraq Şuşada səkkiz rəqəmini əks etdirən yeni məscidin inşasına başlanması, təhsil ocaqlarının yaradılması və milli-mənəvi dəyərlərimizi əks etdirən bu kimi başqa layihələr dövlətin milli-mənəvi və dini ənənələrimizə ehtiramının bariz nümunəsidir.  

 

Dini Qurumlarla İş üzrə Dövlət

Komitəsinin əməkdaşı

Rima Hacıyeva