Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.08.2017

Azərbaycanda dini radikalizm və ekstremizmin sosial bazası yoxdur

Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmlə mübarizə ilə bağlı maarifləndirici xarakterli seminar-müşavirə keçirilib
Tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov,  “BP Azərbaycan” şirkətinin vitse-prezidenti  Bəxtiyar Aslanbəyli və şirkətin əməkdaşları iştirak ediblər.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, dini ekstremizmin və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Filmin nümayişindən sonra çıxış edən “BP Azərbaycan” şirkətinin vitse-prezidenti  Bəxtiyar Aslanbəyli bu cür tədbirlərin keçirilməsinin, xüsusilə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filminin maarifləndirmə sahəsində əhəmiyyətini vurğulayıb. Natiq, eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən DQİDK sədrinin müavini Ulu Öndərimiz  Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin dünyaya nümunə olmasını vurğulayıb. O, Azərbaycanda dini etiqad azadlığının ən yüksək səviyyədə təmin edildiyini  bildirib və milli təhlükəsizliyimizin qorunması ilə bağlı respublikamızda son illər qəbul edilən qanun və qərarların əhəmiyyətindən, həmçinin, ölkəmizdə həyata keçirilən dini radikalizmlə mübarizə tədbirlərindən danışıb. 
S. Heydərov Azərbaycan dövlətinin hər zaman İslam və digər dini konfessiyalara diqqət və qayğısını qeyd edərək, respublikamızda 2016-ci ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə Prezident İlham Əliyevin  dünyada dini məzhəbçilik zəmnində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərməsini diqqətə çatdırıb.
Hazırda qlobal təhlükəsizlik problemlərinin həllinə Azərbaycanın böyük töhfələr verdiyini vurğulayan S.Heydərov onu da qeyd edib ki, Azərbaycanda dini radikalizm və ekstremizmin sosial bazası yoxdur.
Yaxın Şərqdə gedən proseslərə nəzər salan Dövlət Komitəsi sədrinin müavini radikalizm və ekstremizmin yaranma səbəblərinə toxunaraq hər kəsi həmin bölgədə baş verən hadisələrdən nəticə çıxarmağa və dini radikalizmlə mübarizədə fəal olmağa çağırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam dinində radikalizm və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu "Qurani Kərim"dən ayələr kontekstində dinləyicilərin diqqətinə çatdırıb.
Seminar-müşavirə işini tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşdırıb.