Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2018

“Azərbaycan Xalq Cümhuriyyəti necə yarandı” mövzusunda tədbir olub

Mayın 23-də Suraxanı Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Suraxanı rayon 15 saylı birləşmiş şəhər xəstəxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti necə yarandı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Suraxanı RİH İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Nazim Fətullayev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov və Həbibə Qəribova, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Boran Əziz, Suraxanı rayon 15 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi Arif Məmmədov, 15 və 24 saylı xəstəxanaların həkim kollektivi  iştirak ediblər.
Suraxanı RİH İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı N.Fətullayev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq Tədbirlər Planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
BDU-nun professoru, Tarix fakültəsinin dosenti B.Əziz qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara da seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi. Xarici ölkələrlə qarşılıqlı əlaqələrin yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü. Ölkənin iqtisadi potensialı ixtisaslı kadrlar tərəfindən təhlil edildi, qısa zaman kəsiyində bu sahədə ciddi inkişafa nail olundu.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Qəribova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda çıxış edərək bildirib ki, ilklərə imza atan Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılıb. Belə ki, dövlətçilik tariximizdə ilk Konstitusiya aktı olan İstiqlal Bəyannaməsində dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə bərabər şəraitin yaradılması ideyası təsbit edilmiş, Azərbaycanda yaşayan bütün konfessiya nümayəndələri parlamentdə təmsil olunmuşdu.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.