20.06.2017
Azərbaycan tolerantlığı barədə BMT-nin Baş katibi Antonio Quterreşə məlumat verilib
ABŞ-da fəaliyyət göstərən məşhur Simon Vizental Mərkəzinin təsisçilərindən olan yəhudi din xadimi Abraham Kuper 30 may 2017-ci il tarixində Simon Vizental Mərkəzinin nümayəndə heyətinin tərkibində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. Görüş zamanı A. Kuper Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edərək bildirib ki, hazırda dünyanın müxtəlif regionlarında dini və milli dözümsüzlük zəmnində cərəyan edən gərginliklər fonunda Azərbaycan nadir və dəyərli modelə malikdir. O, Azərbaycanın multikulturalizm modelinin dünyada geniş təbliğinə ehtiyac duyulduğunu və bunun beynəlxalq sülhün inkişafına müsbət töhfə verəcəyini qeyd edib. Abraham Kuper multikulturalizm və tolerantlığın Azərbaycan təcrübəsinin müsəlman dünyasında bənzərsiz statusa malik olduğu vurğulayıb.
Ravvin sonda qeyd edib ki, onilliklər boyu, hətta Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən əvvəl də multikulturalizmin geniş yayıldığı bu ölkəyə dəfələrlə səfər edib. A.Kuper bildirib ki, sonuncu səfəri müddətində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yüksək qiymətləndirdiyi keyfiyyətlərin - Azərbaycanda çoxillik konfessiyalararası tolerantlıq və harmoniya ənənələrinin dəstəklənməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.
A.Kuper daha sonra qeyd edib ki, İsrailin çətin günlərində Azərbaycan həmişə onun yanında olub və tarixən təqiblərə məruz qalan yəhudilərə və xristianlara öz ərazisində sığınacaq verib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan İsrailin və ABŞ-ın ən etibarlı dostlarından biridir.