Şriftin ölçüsü:

Saytın rəngi:

19.10.2013

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan etmişdir

 Oktyabrın 19-da Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmişdir. 

İclasda 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılmışdır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləmiş, işin materiallarına baxaraq, 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan edilməsinə dair qərar qəbul etmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxumuşdur.

Qərarda deyilir ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 17 oktyabr tarixli protokolunda əks etdirilmiş nəticələr təsdiq edilsin.
Azərbaycan Respublikası Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş hesab edilsin.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

(AzərTAc)