Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.08.2017

Azərbaycan İslam mədəni irsinin qorunub saxlanılmasında önəmli məkandır

Avqustun 31-də Balakən şəhər Mərkəzi Kitabxanasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi, Balakən Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan İslam mədəni irsinin qorunub saxlanılmasında önəmli məkandır” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Şəfəq Hacıyeva, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransda mövzu ilə bağlı çıxışçılar tərəfindən müxtəlif fikirlər səsləndirilib və qeyd olunub ki, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin İslam dünyasına həmrəylik çağırışıdır. Çünki İslam dünyasında baş verən ictimai-siyasi proseslər İslam ölkələri üçün həmrəyliyi zəruri edir. Qeyd olunub ki, tarix boyu İslam dünyasının həmrəyliyə indi olduğu qədər ehtiyacı olmayıb.
Eyni zamanda konfransda Azərbaycanda mövcud olan multikulturalizm və birgəyaşayış ənənələrinin, dinlər və məzhəblər arasında tarixən mövcud olan qarşılıqlı hörmət prinsiplərinin bütün dünya üçün nümunə olduğundan, bu milli-mənəvi sərvətlərin yad təsirlərdən mühafizə edilərək gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs olunub.
Konfransın sonunda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş videoçarx nümayiş olunub və konfrans iştirakçıları tərəfindən  Balakən rayon Mərkəzi Kitabxanasında eyniadlı sərgiyə baxış keçirilib.