“Azərbaycan gəncliyi zəfər yolunda” adlı onlayn tədbir keçirilib
Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi zəfər yolunda” adlı onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev və şobənin əməkdaşları, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, eləcə də şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra müharibə dövründə gənclərin həm döyüş bölgəsində, həm də arxa cəbhədə fəal iştirakından danışılıb. Çıxışlar zamanı vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamçısı olan cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları ilə həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbə Azərbaycan xalqını Qarabağa qovuşdurdu. Qeyd edilib ki, uzun müddət işğal altında qalan tarixi-dini abidələrimiz də düşməndən azad edildi.
Sonda şəhid ailələrinin üzvləri və müharibə veteranlarının da fikirləri dinlənilib.




